Təcrübə-Sənaye Zavodu (Azərbaycan)
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı.
AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır.
AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir.
TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.
AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir.
Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır.
AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir.
Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır.
Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur.